Vyetnamlı inşaat şirkətləri paytaxt Hanoyda ABŞ Prezidenti Donald Trampın ailəsinə məxsus “The Trump Organization” şirkətinin brendi altında ən azı 60 mərtəbəli göydələn inşa etməyi planlaşdırır.
Bakues.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Göydələnin paytaxtın nüfuzlu ərazilərindən biri olan Qərb gölünün yaxınlığında tikilməsi nəzərdə tutulur. Xarici ölkələrin rəhbər şəxsləri və diplomatlarının yaşadığı ərazidə layihə may ayında hakimiyyət orqanlarına təqdim edilib və hazırda təsdiqini gözləyir. Tikinti işlərinə 2027-ci ilin sonlarında və ya 2028-ci ildə başlanıla bilər.
Agentliyin mənbələrinin bildirdiyinə görə, noyabrın 26-da Vyetnam hökumətinin nümayəndələri, o cümlədən “Kinh Bac City Development” şirkətinin iştirakı ilə yerli inşaatçılarla görüş keçiriblər. Danışıqlar Vaşinqtonun Vyetnam mallarına 35 faizə qədər gömrük rüsumu tətbiq edə biləcəyi ilə bağlı açıqlamalar fonunda baş tutub. Ticarət sazişi imzalanacağı təqdirdə bu dərəcənin 20 faizə endirilməsi mümkündür.
Hanoydakı göydələn Vyetnamda “Tramp” brendi ilə həyata keçirilməsi planlaşdırılan üç layihədən biri olacaq. Paytaxtın ətrafında artıq 1,5 milyard dollar dəyərində qolf kompleksi inşa edilir. Bundan başqa, Hoşimin şəhərində də göydələn tikilməsi nəzərdə tutulur.
Mənbələrin məlumatına əsasən, Hanoydakı layihənin dəyəri təxminən 1 milyard dollar qiymətləndirilir. “The Trump Organization” Vyetnamdakı layihələrə öz vəsaitini yatırmayacaq. Şirkət brendindən istifadəyə, obyektlərin idarə edilməsinə və qolf kompleksinin ərazisindəki villaların satışına görə gəlir əldə edəcək.
İyun ayında məlum olub ki, ABŞ-da prezident seçkilərindən sonra Trampın bağladığı xarici lisenziya müqavilələri onun biznesinə ən azı 23 milyon dollar gəlir gətirib. Bu layihələr arasında Omanda hotel, Hindistanda ofis binası və Səudiyyə Ərəbistanında qolf kompleksi yer alır.
Qeyd edək ki, iyulun 24-də Donald Tramp ABŞ-ın 60 ticarət tərəfdaşına, o cümlədən Vyetnama qarşı yeni idxal rüsumlarının tətbiq olunduğunu elan edib.
Lalə




