ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Floridada keçirilən görüşdən sonra hazırlanan birgə bəyanatın mətnini onun razılığı olmadan dəyişdirib.

Bakues.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sənədin ilkin variantında Rusiyaya münaqişənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinmək çağırışı yer alıb. Məhz bu mətn NATO-nun rəsmi saytında dərc edilib.

Lakin Tramp daha sonra “Truth Social” sosial şəbəkəsində bəyanatın dəyişdirilmiş variantını paylaşıb. Yeni mətndə belə addımlardan yalnız Moskvanın deyil, Kiyevin də çəkinməli olduğu qeyd olunub.

NATO-nun adı açıqlanmayan nümayəndəsi nəşrə bildirib ki, ilkin bəyanat hər iki tərəflə razılaşdırılıb. Trampın paylaşdığı ikinci variantın redaktə prosesində isə Mark Rutte iştirak etməyib.

Nəşrin yazdığına görə, bu hadisə Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında davam edən fikir ayrılıqlarını bir daha üzə çıxarıb. Zelenski Rusiyanın neft emalı zavodlarına və kritik infrastruktura zərbələrin dayandırılmasından imtina edir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Trampın açıqlamasını şərh edərkən bildirib ki, ABŞ lideri, ehtimal ki, Kiyevin Aralıq və Baltik dənizlərindəki potensial təhlükəli fəaliyyətini də nəzərdə tutub. Onun sözlərinə görə, bu cür fəaliyyət həm sahilyanı dövlətlərdə, həm də bütövlükdə NATO-da narahatlıq doğurmaya bilməz.

Lalə