İspaniya La Liqası azarkeşlərə xidmət göstərən rəqəmsal platformalarından birinə kiberhücum edildiyini açıqlayıb.

Bakues.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, noyabrın 14-dən 16-dək davam edən hücum zamanı kibercinayətkar liqanın və bəzi klubların rəqəmsal xidmətlərində qeydiyyatdan keçmiş istifadəçilərin şəxsi məlumatlarını ələ keçirib.

La Liqanın təhlükəsizlik xidməti müdaxilənin mənbəyini müəyyənləşdirib və noyabrın 16-da hücumun qarşısını almaq, məlumatların əldə edilməsini dayandırmaq və təcavüzkarın girişini bloklamaq üçün zəruri tədbirlər görüb.

Qurumdan qeyd olunub ki, insident yalnız həmin platformanı əhatə edib və La Liqanın digər sistemlərinə, eləcə də yarışların gedişinə təsir göstərməyib.

Hazırda hadisənin miqyasını müəyyənləşdirmək üçün platformadakı fəaliyyət araşdırılır. Eyni zamanda, yeni hücum cəhdlərinin aşkarlanması və rəqəmsal xidmətlərin təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət gücləndirilib.

Hadisə ilə bağlı İspaniyanın Məlumatların Mühafizəsi Agentliyinə (AEPD) və Milli Polisin Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Bölməsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.