İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən “Nasir” tibb kompleksinə endirdiyi aviazərbə nəticəsində Rusiya vətəndaşı olan cərrah həlak olub.

Bakues.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fələstin Milli Administrasiyası yanında nümayəndəliyinin mətbuat katibi Yuliya Ovsyannikova bildirib.

Onun sözlərinə görə, həlak olan şəxs həm Rusiya, həm də Fələstin vətəndaşı olub. Cərrah noyabrın 12-də hücum zamanı tibb müəssisəsində işləyirmiş.

İsrail Müdafiə Ordusu (SAXAL) hücumun hədəfinin Fələstinin HƏMAS hərəkatının yüksək vəzifəli nümayəndəsi və onun hərbi qanadının bir neçə üzvü olduğunu açıqlayıb. İsrail tərəfi xəstəxana kompleksinin ərazisində qruplaşmanın komanda məntəqəsinin yerləşdiyini iddia edib. HƏMAS isə bu məlumatı təkzib edib.

Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində xəstələr və xəstəxana əməkdaşları da daxil olmaqla, altı nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Noyabrın 18-də SAXAL Qəzza zolağının mərkəzi hissəsində hərbi əməliyyata başlayıb. İsrail hakimiyyəti Bureyc və Nuseyrat fələstinli qaçqın düşərgələrinin sakinlərini döyüşlər müddətində evlərini tərk etməyə çağırıb.

Noyabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə danışıqların yekununda anklavda davamlı atəşkəsin təmin edilməsinin, humanitar yardımın fasiləsiz çatdırılmasının və mülki infrastrukturun bərpasının vacibliyini bəyan edib.

Asim