Ukraynalı məşhurlar elektrik və su təchizatında yaranan problemlər səbəbindən qış mövsümünü Kiyevdə keçirmək planlarından imtina edərək şəhəri tərk edirlər.

Bakues.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb.

Məlumata görə, aktyor Nazar Zadniprovskinin ailəsi ilə birlikdə Kiyevin mərkəzindəki mənzilindən Kiyev vilayətində yerləşən fərdi evə köçüb. O, tez-tez baş verən elektrik və digər kommunal xidmətlərdəki fasilələrdən yayınmaq üçün bu qərarı verib.

Aktrisa Alina Blaşkeviç elektrik enerjisinin qeyri-sabit verilməsi səbəbindən Ukraynanın qərbinə köçür. Digər aktrisa Viktoriya Maremuha isə Kiyevi tərk edərək Portuqaliyaya köçüb.

Paytaxtda vəziyyət gərgin olaraq qalır. Sentyabrın əvvəlində Ali Radanın deputatı Solomiya Bobrovska həmvətənlərini çətin qışa hazırlaşmağa, paytaxtı tərk etməyə və odun tədarük etməyə çağırıb.

Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Beskrestnov isə sakinlərə əvvəlcədən generator, akkumulyator almağı və benzin ehtiyatı yaratmağı tövsiyə edib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel Kiyev və Kiyev vilayətinin enerji sisteminin vəziyyətini münaqişə başlayandan bəri ən ağır dövr kimi qiymətləndirib.

Onun sözlərinə görə, Kiyev, Çerkassı və Jitomiri elektrik enerjisi ilə təmin edən Tripolye İstilik Elektrik Stansiyası (İES) yenidən, demək olar ki, tamamilə dağıdılıb. Mendel qeyd edib ki, stansiya 2024-cü ildə də sıradan çıxarılıb və onun bərpasına 4 milyon dollardan çox vəsait xərclənib.

Qeyd edək ki, daha əvvəl Ukraynada enerji təchizatı baxımından vəziyyətin xüsusilə ağır olduğu iki şəhərin adı açıqlanıb.

Asim