Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi ilə DTX-nin Hərbi-Tibb baş idarəsində “Məhkəmə-genetik DNT analizi və DNT sübutları” mövzusunda ixtisaslaşmış təlim kursu keçirilib.

Bakues.az xəbər verir ki, Dövlət Komissiyasının tərkibinə daxil olan dövlət qurumlarının və struktur bölmələrinin mütəxəssislərinin qatıldığı dördgünlük kurs molekulyar biologiya, tibbi genetika və məhkəmə genetikası sahəsində ixtisaslaşmış alim, Böyük Britaniyanın “Genecode Diagnostics” şirkətinin elmi direktoru, doktor Andrey Semixodski tərəfindən xüsusi hazırlanmış proqram əsasında aparılıb.

Bildirilir ki, doktor Andrey Semixodski cari ilin 7-10 oktyabr tarixlərində Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslər mövzusunda təşkil olunmuş IV Beynəlxalq Konfransın da iştirakçısı olub. Onun ölkəmizdə ixtisaslaşmış təlim keçirmək üçün dəvət edilməsi konfrans çərçivəsində qurulan peşəkar əlaqələrin davam etdirilməsi və beynəlxalq əməkdaşlığın praktiki müstəvidə inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.

Dörd əsas tematik istiqaməti əhatə edən tədris proqramı çərçivəsində DNT sübutlarının tarixi və tətbiq sahələri, insan DNT-sinin məhkəmə-genetik analizinin müasir üsul və texnologiyaları, genetik məlumat bazalarından istifadəyə dair beynəlxalq təcrübə, DNT sübutlarının interpretasiyası və statistik qiymətləndirilməsi, eləcə də mürəkkəb ekspertiza hallarında qarşıya çıxan problemlər və onların həlli yolları ətraflı nəzərdən keçirilib.

Kursun özünəməxsusluğu müasir elmi yanaşmaların, qabaqcıl beynəlxalq təcrübənin və mürəkkəb genetik ekspertizaların aparılmasına dair praktiki biliklərin vahid proqram əsasında iştirakçılara təqdim edilməsindən ibarət olub. İnsan qalıqlarının identifikasiyası, qohumluq əlaqələrinin müəyyən edilməsi, deqradasiyaya uğramış DNT nümunələrinin tədqiqi, ekspertiza nəticələrinin düzgün şərhi, onların elmi əsaslılığının və etibarlılığının artırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Təlim müddətində iştirakçılarla qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Kursun sonunda iştirakçılara təlimi başa vurmalarını təsdiq edən xüsusi sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Dövlət Komissiyası Azərbaycan Respublikasının itkin düşmüş vətəndaşlarının axtarışı, insan qalıqlarının aşkar edilməsi, ekshumasiyası, rekonstruksiyası və identifikasiyası proseslərinə bilavasitə cəlb olunan mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirir.

Bu istiqamətdə Dövlət Komissiyası tərəfindən mütəmadi olaraq beynəlxalq konfranslar, ixtisaslaşmış təlim kursları, elmi-praktiki seminarlar, işçi görüşlər və digər tematik tədbirlər təşkil olunur, dünyanın müxtəlif ölkələrindən beynəlxalq səviyyədə tanınmış alimlər, nüfuzlu ekspertlər və yüksək ixtisaslı mütəxəssislər ölkəmizə dəvət edilirlər. Bu tədbirlər vasitəsilə peşəkar əlaqələrin genişləndirilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin aparılması, xarici mütəxəssislərin potensialından səmərəli istifadəolunması, onların sonrakı mərhələlərdə ixtisaslaşmış təlimlərə və ekspert məsləhətləşmələrinə cəlb edilməsi, habelə əldə olunan bilik və bacarıqların praktiki fəaliyyətdə tətbiqi üçün zəmin yaradılır. Eyni zamanda, Dövlət Komissiyasının tərkibinə daxil olan aidiyyəti qurum və struktur bölmələrinin mütəxəssislərinin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə onların xarici ölkələrdə keçirilən beynəlxalq təlimlərdə, ixtisasartırma kurslarında və təcrübə mübadiləsi proqramlarında iştirakı təmin edilir.

Həyata keçirilən tədbirlər müasir elmi-texnoloji nailiyyətlərin və qabaqcıl beynəlxalq təcrübənin milli praktikaya inteqrasiyasına, beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş yeni protokolların tətbiqinə, mövcud iş metodlarının təkmilləşdirilməsinə, aparılan tədqiqat və ekspertizaların keyfiyyətinin, dəqiqliyinin və etibarlılığının artırılmasına xidmət edir. Bütün bu tədbirlərin başlıca məqsədi Azərbaycan Respublikasının itkin düşmüş vətəndaşlarının axtarışı, insan qalıqlarının aşkar edilməsi və identifikasiyası proseslərinin sürətləndirilməsi, şəxsiyyəti müəyyən edilmiş insan qalıqlarının ailələrinə təhvil verilməsi, onların layiqli şəkildə, bütün müvafiq ehtiram göstərilməklə, dini ayinlərə və milli-mənəvi dəyərlərə uyğun dəfn olunması, habelə beynəlxalq humanitar hüquqla təsbit edilmiş ailələrin itkin düşmüş doğmalarının taleyini bilmək hüququnun təmin edilməsidir.