Azərbaycan Avropa İttifaqı ilə Mərkəzi Asiya, Cənubi Qafqaz arasında əlaqələrin qurulmasında əsas ölkələrdən biridir.

Bakues.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Avropaya müxtəlif məhsulların çatdırılmasında və yeni nəqliyyat marşrutlarının formalaşmasında mühüm rol oynayır.

Kestutis Budris xatırladıb ki, təxminən 25 il əvvəl Xəzər regionu, Avrasiya qitəsinin gələcəyi, enerji resursları və yeni nəqliyyat marşrutları onun akademik maraq dairəsində olub.

Onun sözlərinə görə, Azərbaycanın regionları birləşdirən əsas ölkə olacağı ilə bağlı həmin dövrdə mövcud olan proqnozlar bu gün öz təsdiqini tapır.

Litvalı nazir Azərbaycanın enerji resursları və nəqliyyat imkanlarının Avropa İttifaqına Rusiyadan idxaldan asılılığı azaltmaq, alternativ mənbələr və marşrutlar yaratmaq baxımından imkanlar verdiyini vurğulayıb.

O, enerji geosiyasətində yeni oyunçuların mövqeyinin güclənə biləcəyini, eyni zamanda, onların potensialına mane olmaq istəyən digər aktorların hədəfinə çevrilə biləcəyini də diqqətə çatdırıb.