Azərbaycan əlverişli coğrafi mövqeyi, sənaye parkları və dövlət dəstəyi ilə "Made in Azərbaycan" brendini beynəlxalq bazarlarda tanıtmaq imkanına malikdir.
Bu sözləri Bakues.az-a açıqlamasında, baş redaktor və sahibkar Fikrət Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan çox əlverişli coğrafi mövqedə yerləşir. Avropaya, Rusiyaya, MDB ölkələrinə və ərəb bazarlarına yaxınıq. Bu gün Azərbaycanda istehsal olunan mal xarici bazarlara rahatlıqla çıxarıla bilər:
"Dövlət tərəfindən mühüm addımlar atılıb. Sənaye parkları yaradılıb, İqtisadiyyat Nazirliyinin balansında İqtisadi Zonaların İnkişafı Agentliyi fəaliyyət göstərir. Kredit, gömrük, vergi güzəştləri kimi güclü dəstək mexanizmləri mövcuddur. Bu imkanlardan istifadə edən sahibkarlar artıq azad iqtisadi zonalarda zavodlar açıblar. Bu, çox yaxşı nəticədir, amma hələ kifayət deyil. Çünki dəstək olsa da, bu, hər sahibkara çatmır".
Onun fikrincə, sahibkarlara pulsuz və ya güzəştli audit və konsaltinq dəstəyi lazımdır.
"Elə sahibkarlar tanıyıram ki, möhtəşəm ixtirası var, real istehsalı var. Amma biznes plan hazırlamaq, sənədləri toplamaq, prosesi başa düşmək onun üçün ayrıca bir işə çevrilir. Halbuki sahibkarlara dəstək kimi biznes planın hazırlanmasında, sənədləşmədə kömək edən peşəkar komanda olmalıdır. Bundan başqa, xarici bazarda xammal, avadanlıq və təchizatçı tapmaqla da dəstək vermək lazımdır. Çünki istehsalçının böyüməsi düzgün təchizat zəncirindən asılıdır. Yəni məsələ yalnız imtiyaz verməkdə deyil. O imtiyazı sahibkarların əlinə çatdırmaqdadır", - deyə sahibkar vurğulayıb.
Fikrət Məmmədov əlavə edib ki, Azərbaycanın savadlı mühəndisləri, texnoloqları və iş adamları var. Onların çoxu xaricdə işləyir. Düzgün mühit yaratsaq, bu potensial ölkədə işləyəcək:
"Məqsədimiz bir olmalıdır ki, Made in Azərbaycan Avropada və MDB ölkələrində keyfiyyət və etibar markası kimi tanınsın".
YouTubeLalə




