İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində noyabrın əvvəlindən indiyədək 16 uşaq və şagird həyatını itirib.
Bakues.az xəbər verir ki, Qəzza zolağının Təhsil Nazirliyinin açıqlamasına görə, İsrail ordusunun ötən gün Qəzza şəhərinin qərbində yerləşən Şatii qaçqın düşərgəsindəki evə endirdiyi zərbə nəticəsində iki bacı – 15 yaşlı Yusra və 13 yaşlı Cena Məhəmməd Əbu Avuf həlak olub.
Bildirilib ki, Yusra Kəfr Qasim məktəbində, bacısı Cena isə Əl-Mənar özəl məktəbində təhsil alırmış. Hücum zamanı onların valideynləri Məhəmməd Macid və Nura İzzət də həyatını itirib, çox sayda insan yaralanıb.
Nazirliyin məlumatına görə, İsrail ordusu 24 saatdan az müddətdə üçüncü dəfə şagirdləri hədəf alıb. Həmçinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şimalında, Həməd bölgəsi yaxınlığında açılan atəş nəticəsində bir qız şagird yaralanıb.
Açıqlamada qeyd olunub ki, noyabrın əvvəlindən İsrailin hücumları nəticəsində öldürülən uşaq və şagirdlərin sayı 16-ya çatıb. Qəzzada uşaqların yalnız həyatı deyil, təhsil hüquqları və gələcəkləri də təhlükə altındadır.
Nazirlik beynəlxalq ictimaiyyətin susmasının İsrailin törətdiyi cinayətləri legitimləşdirə və yeni pozuntulara şərait yarada biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, İsrail ordusu 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir.
Qəzza Səhiyyə Nazirliyinin son məlumatına əsasən, atəşkəs qüvvəyə mindikdən sonra İsrail hücumları nəticəsində 1 679 fələstinli öldürülüb, 6 100 nəfər yaralanıb.
2023-cü ilin oktyabrından bəri Qəzza zolağına hücumlar nəticəsində ölənlərin ümumi sayı 74 746-ya, yaralıların sayı isə 176 234-ə yüksəlib.
Lalə




