Noyabrın 27-də “Nargis” Fondunun təşkilatçılığı ilə paytaxtın Fəvvarələr meydanında ənənəvi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb.
Bakues.az xəbər verir ki, bu il yeni konseptlə təqdim olunan yarmarka “Qış dostu” adlanır. Yarmarkanın əsas simvolları olan ayı və pinqvin dostluğun və həmrəyliyin dünyanı daha gözəl etdiyini nümayiş etdirir.
Bu il yarmarkanın ərazisi genişləndirilib. Ziyarətçilər üçün 60 böyük və 20 kiçik dekorativ ev, üç fotoköşk, üç ikimərtəbəli restoran, xüsusi oyun və əyləncə zonası yaradılıb. İlk dəfə olaraq ərazidə xüsusi dizayn edilmiş 11 rəngarəng metal konteyner də quraşdırılıb.
Yarmarkanın builki yenilikləri arasında ziyarətçilərin içərisinə daxil olaraq foto çəkdirə biləcəkləri xüsusi konstruksiyalı Yeni il ağacı da var. Pinqvin və ayı obrazlı maskotlar isə xüsusilə uşaqlara bayram əhvali-ruhiyyəsi bəxş edir.
2013-cü ildən keçirilən “Soyuq Əllər, İsti Ürək” yarmarkası əyləncə və bayram tədbiri olmaqla yanaşı, xeyriyyə missiyası ilə də seçilir. Sponsorların maliyyə dəstəyi və dekorativ evlərin icarəsindən əldə olunan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəldilir.
Ənənəyə uyğun olaraq, internat məktəblərinin, uşaq evlərinin və sosial xidmət müəssisələrinin sakinləri də yarmarkanın fəxri qonaqları olacaqlar. Fond xeyriyyə fəaliyyətinin maliyyə hesabatını və nəticələrini rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında açıqlayacaq.
Bu il ziyarətçilərə daha geniş qastronomik çeşid, müxtəlif təamlar, əl işləri, suvenirlər və bayram hədiyyələri təqdim olunur. Əyləncə zonaları və fotoməkanlar isə ailələrin və dostların asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası 2027-ci il yanvarın 5-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş ödənişsizdir.
Tədbirin rəsmi tərəfdaşları “Azərişıq” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), “Epoint” və “PAŞA Holdinq” Təhlükəsizlik Xidmətidir.
Yarmarka “PAŞA Holdinq”, “Coca-Cola”, “Azercell” və digər sponsorların dəstəyi ilə təşkil olunur.
2 dəqiqəlik oxu
“Soyuq Əllər, İsti Ürək”

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



