ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinin Bakıya səfərini Azərbaycan-ABŞ münasibətlərində yeni, daha praqmatik əməkdaşlıq mərhələsinin göstəricisi kimi qiymətləndirmək olar.

Bu fikirləri Bakues.az-a açıqlamasında politoloq Çingiz Şahbazi deyib.

Onun sözlərinə görə, söhbət ABŞ-nin Cənubi Qafqazda sülhün təmin olunması, nəqliyyat və enerji bağlantılarının açılması, iqtisadi inteqrasiya və regional təhlükəsizlik məsələlərini vahid strateji gündəmdə birləşdirməsindən gedir:

"Əslində Mullinin Bakıya səfəri ABŞ-Azərbaycan münasibətlərinin siyasi və institusional səviyyəsini göstərir. TRİPP isə bu münasibətlərin və ümumilikdə regionda sülh prosesinin konkret iqtisadi nəticəyə çevrilməsi üçün vasitədir. Ən vacib yenilik odur ki, TRİPP artıq yalnız siyasi razılaşma və gələcək plan deyil. Layihənin həyata keçirilməsi üçün üçtərəfli texniki mexanizmlər artıq yaradılıb və noyabrın 23-də Ermənistanda ilkin hazırlıq işlərinə başlanıldığı elan edilib. Əlbəttə ki, dəhlizin tam fəaliyyət göstərməsi qarşıdakı mərhələlərin nəticəsindən asılıdır".

Politoloq vurğulayıb ki, görüşdə ikitərəfli əlaqələr, regional sülh gündəliyi, nəqliyyat və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

"İlham Əliyev 2026-cı ili Azərbaycan-ABŞ münasibətləri üçün tarixi əhəmiyyət daşıyan il kimi qiymətləndirib. O, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərini və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını xüsusi vurğulayıb. Mullin isə Azərbaycan və Ermənistan arasında sülh gündəliyində əldə edilən nailiyyətləri və Trampın bu prosesdəki rolunu qeyd edib. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıqdan praktiki əməkdaşlığa keçir. ABŞ ilə Azərbaycan arasında münasibətlərin yalnız diplomatik dialoq, təhlükəsizlik və regional siyasi məsələlərlə məhdudlaşmaması, konkret iqtisadi və infrastruktur layihələrinə yönəlməsi nəzərdə tutulur", - deyə Ç. Şahbazi qeyd edib.

Politoloqun fikrincə, Vaşinqtonun Azərbaycanı regional bağlantıların açılmasında əsas tərəfdaşlardan biri kimi görməsi bunun nümunəsidir. Azərbaycanın coğrafi mövqeyi, Xəzər dənizinə çıxışı, Naxçıvanla əlaqələrin bərpası və Orta Dəhlizdəki rolu ABŞ üçün iqtisadi və geosiyasi əhəmiyyət daşıyır:

"Həmçinin ABŞ-nin regionda mövcudluğu daha institusional xarakter alır. Strateji Tərəfdaşlıq Xartiyası, yüksək səviyyəli səfərlər, TRİPP üzrə texniki mexanizmlər heç də bir-birindən ayrı hadisələr deyil. Bunlar Vaşinqtonun regionda uzunmüddətli əməkdaşlıq qurmaq istəyinin müxtəlif tərəfləridir. TRİPP-in ən mühüm geosiyasi tərəfi isə ABŞ-nin Cənubi Qafqazda sülh prosesini iqtisadi maraqlarla möhkəmləndirməyə çalışmasıdır. Azərbaycan üçün əsas üstünlüklərdən biri də ondan ibarətdir ki, ölkə təkcə tranzit marşrutların iştirakçısı deyil, həm də onun coğrafi və iqtisadi baxımdan əsas tərəfdaşlarından biri olur".

ABŞ-nin Azərbaycanla münasibətlərini genişləndirdiyini bildirən Ç. Şahbaziyə görə, Amerika eyni zamanda Ermənistanla iqtisadi bağlantıların açılmasını da dəstəkləyir. ABŞ-nin yürütdüyü bu iki istiqamət heç şübhəsiz ki, bir-birini tamamlayır.

"TRİPP Azərbaycan və Ermənistan arasında sülhün iqtisadi əsasını yarada biləcək layihədir və onun tam şəkildə işə düşməsi iki ölkənin münasibətlərini yalnız siyasi razılaşmalar səviyyəsindən çıxarıb gündəlik ticarət, nəqliyyat və qarşılıqlı iqtisadi maraqlar səviyyəsinə keçirə bilər. Bu isə sülhün davamlılığı üçün ən mühüm amillərdən biridir", - müsahibimiz fikrini yekunlaşdırıb.

Əsəd