Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar İstanbulda Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ilə görüşüb.

Bakues.az xəbər verir ki, bu barədə A. Bayraqdar "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüşdə Türkiyə-Rusiya enerji əməkdaşlığının aktual məsələləri ətraflı müzakirə olunub.

Tərəflər "Akkuyu" Atom Elektrik Stansiyasında (AES) işlərin hazırkı mərhələsini, eləcə də təbii qaz sahəsində əməkdaşlığın gedişatını nəzərdən keçiriblər.

Həmçinin qarşıdakı dövr üçün birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

A.Bayraqdar qeyd edib ki, iki ölkə arasında enerji dialoqu strateji layihələrin nəzərdə tutulan qrafikə uyğun həyata keçirilməsi və qarşılıqlı fayda əsasında yeni təşəbbüslərin reallaşdırılması istiqamətində davam etdiriləcək.