Yəməndəki husilər Səudiyyə Ərəbistanına göstərilən hərbi dəstəyə görə Böyük Britaniyanın obyektlərinə qarşı cavab tədbirləri görülə biləcəyini açıqlayıb.

Bakues.az "The Times"a istinadən xəbər verir ki, bu barədə husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Buheiti müsahibəsində bildirib.

O, Londonu Səudiyyə Ərəbistanına yardım siyasətinə yenidən baxmağa çağırıb. Əl-Buheiti qeyd edib ki, Yəmənə qarşı Səudiyyə Ərəbistanı ilə istənilən əməkdaşlıq təcavüzdə iştirak deməkdir.
Husilərin nümayəndəsi bildirib ki, Səudiyyə Ərəbistanının Yəmənə qarşı əməliyyatlarını dəstəkləyən ölkələrə, hətta bu dəstək birbaşa olmasa belə, qarşılıq vermək üçün bir sıra tədbirlər nəzərdən keçirilir.

O, 2024-cü ilin yanvarında Britaniya Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra husilərin Bab əl-Məndəb boğazında Britaniya gəmilərinə qarşı cavab hücumları həyata keçirdiyini xatırladıb. Əl-Buheiti birbaşa hərbi müdaxilənin təkrarlanacağı təqdirdə yenidən cavab veriləcəyini vurğulayıb.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Endi Börnham Londonun husilərin hücumlarından müdafiə olunmaq üçün Səudiyyə Ərəbistanına hərbi yardım göstərəcəyini açıqlayıb. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, dəstəyə hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi, Səudiyyə təyyarələrinin havada yanacaqla doldurulması və hərbi texnikanın daşınması daxildir. Qurum Britaniya qüvvələrinin hücum əməliyyatlarında iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında silahlı qarşıdurma davam edir.

Noyabrın 17-də husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin onların nəzarətində olan paytaxtı Sənaya yeni zərbələr endirdiyini açıqlayıb. Buna cavab olaraq hərəkat Səudiyyə Ərəbistanının hava məkanını döyüş zonası elan edib, mülki şəxsləri ölkənin hava limanlarından və “Saudi Aramco” dövlət neft şirkətinin obyektlərindən uzaq durmağa çağırıb.

Lalə