Fransa kralı XVI Lüdovikin həyat yoldaşı Mariya-Antuanettaya hədiyyə etdiyi nadir çini qab Parisdə keçirilən hərracda 2,9 milyon avroya satılıb.

Bakues.az "Rg.ru"ya istinadən xəbər verir ki, “Drouot” hərrac evinin məlumatına görə, satış noyabrın 26-da baş tutub. Alıcının kimliyi açıqlanmayıb.

XVIII əsrin sonlarında Sövrdə hazırlanan və qadın döşü formasında olan bu nadir çini qab indiyədək satışa çıxarılan Səvr çini məmulatları arasında rekord qiymətə satılıb. Bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Kral kolleksiyasına aid məşhur əsərin dördüncü və sonuncu nümunəsi hesab edilən qab təxminən iki əsr əvvəl yoxa çıxıb. O, bir müddət əvvəl “Galerie Meyer” qalereyasında inventarlaşdırma zamanı təsadüfən aşkarlanıb.

Əşya XVI Lüdovikin sifarişi ilə Mariya-Antuanettanın Rambuye sarayının parkındakı istirahət pavilyonu üçün hazırlanıb. Hərracdan əvvəl ekspertlər onun dəyərini 1-2 milyon avro arasında qiymətləndiriblər.

Satışdan əldə olunan vəsaitin bir hissəsi döş xərçənginin profilaktikası ilə məşğul olan “Ruban Rose” assosiasiyasına ianə ediləcək. Təşkilat xəstəliyin erkən aşkarlanması ilə bağlı maarifləndirmə aparır və bu sahədə elmi tədqiqatları maliyyələşdirir. Assosiasiya son 20 ildə 98 layihəyə təxminən 8 milyon avro vəsait ayırıb.

Qeyd edək ki, 1740-cı ildə Vensendə yaradılan çini manufakturası 1756-cı ildə XV Lüdovikin hakimiyyəti dövründə Səvr şəhərinə köçürülüb. Müəssisə 1769-cu ildən Avropa saraylarını çini məmulatları ilə təmin edib. Hazırkı binasında isə 1876-cı ildən fəaliyyət göstərir. Burada teatr tamaşaları və rəsm sərgiləri də təşkil olunur.

Lalə