İran ABŞ-ın ona qarşı hücumlarda istifadə edəcəyi təqdirdə, Böyük Britaniya, Almaniya və Bolqarıstan da daxil olmaqla, Avropadakı Amerika hərbi bazalarına zərbələr endirəcəyini bəyan edib.

Bakues.az “Nameh News”a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Abbas Müqtədai bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri əvvəlcə ABŞ-ın İrana qarşı hərəkətlərini dəstəkləmək niyyətində olmadıqlarını bəyan etsələr də, sonradan Vaşinqton bəzi Avropa dövlətləri ilə onların ərazilərindən və hərbi bazalarından istifadə olunması barədə danışıqlara başlayıb.

Müqtədai qeyd edib ki, ABŞ dünyanın istənilən bölgəsində yerləşən bazalarından İrana qarşı düşmənçilik məqsədilə istifadə edərsə, Tehran üçün coğrafi məhdudiyyətlər qüvvədən düşəcək.

O vurğulayıb ki, İran Yaxın Şərqdə və Avropada yerləşən Amerika hərbi obyektləri arasında fərq qoymayacaq.

Noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp son bir həftə ərzində İranın ötən ilin istənilən dövrü ilə müqayisədə daha çox raket və pilotsuz uçuş aparatı buraxdığını bildirib. O, hücumların intensivliyinin artmasını noyabrın 3-də keçirilən aralıq seçkilərində demokratların qələbəsi ilə əlaqələndirib. Trampın sözlərinə görə, İranın raketləri və pilotsuz uçuş aparatları zərərsizləşdirilib və heç bir ziyana səbəb olmayıb.

Bundan bir gün əvvəl isə ABŞ lideri “Fox News” telekanalına açıqlamasında tərəflər razılığa gəlməsələr, Yeni ildən sonra İrana qarşı yeni zərbələr endirilməsi barədə göstəriş verməyə meyilli olduğunu söyləyib. O, Tehranla davam edən diplomatik danışıqları mənasız adlandırıb.

Asim