Avropa Kosmik Agentliyinin (ESA) Euclid kosmik teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş və indiyədək aşkarlanan ən uzaq kvazarı müəyyən edib.
Bakues.az "TRT Haber"ə istinadən xəbər verir ki, ESA-nın məlumatına görə, “J1504+6252” adlandırılan və “Dun Aonghasa” kimi də tanınan kvazar kainatın ilkin dövrlərinə aiddir.
Tədqiqatçılar kvazarı təxminən 13,1 milyard il əvvəlki vəziyyətində müşahidə ediblər. Bu dövr Böyük Partlayışdan 630 milyon il sonraya təsadüf edir.
Yeni kəşf Euclid teleskopunun bir neçə ay əvvəl qeydə aldığı ən uzaq kvazar rekordunu 40 milyon il yeniləyib.
Teleskopun təxminən 18 aylıq müşahidə məlumatları araşdırılaraq milyonlarla göy cismi arasından müəyyən edilən kvazarın mövcudluğu həm Yerüstü, həm də kosmik teleskopların əlavə müşahidələri ilə təsdiqlənib.
“James Webb” kosmik teleskopunun apardığı müşahidələr isə kvazarın mərkəzindəki qara dəliyin kütləsinin Günəşin kütləsindən təxminən 360 milyon dəfə çox olduğunu üzə çıxarıb.
Araşdırma zamanı həmçinin müəyyən edilib ki, həmin qara dəlik ətrafındakı maddəni digər uzaq kvazarlardakı qara dəliklərlə müqayisədə daha yavaş udur.
Kəşf kainatın cəmi 630 milyon yaşında olduğu dövrdə bu qədər böyük qara dəliyin necə yarandığı və qısa müddətdə necə böyüdüyü ilə bağlı suallar doğurub. Bildirilib ki, əldə olunan nəticələr qara dəliklərin yaranması və inkişafını izah edən mövcud elmi modellər üçün çətinlik yaradır.
Qeyd edək ki, kvazarlar mərkəzlərində yerləşən superkütləli qara dəliklərin ətrafdakı qazları özünə cəlb etməsi nəticəsində böyük miqdarda enerji yayan qalaktika nüvələridir.
2023-cü ildə kosmosa buraxılan Euclid teleskopu kainatın qaranlıq maddə və qaranlıq enerji kimi hələ tam öyrənilməmiş xüsusiyyətlərini araşdırır.
Asim




