Rusiyanın Orenburq vilayətində elektron siqaretlərin və onlar üçün nəzərdə tutulan mayelərin pərakəndə satışına beş il müddətinə qadağa qoyulub.
Bakues.az "Rg.ru"ya istinadən xəbər verir ki, bu barədə qərar noyabrın 24-də vilayət qanunverici məclisi tərəfindən qəbul edilib.
Yeni qanun 2027-ci il martın 1-dən qüvvəyə minəcək və 2032-ci ilin mart ayınadək qüvvədə olacaq.
Sənədə əsasən, uşaqların istirahət və sağlamlıq mərkəzlərinin binalarında, rəsmi idman yarışlarının keçirildiyi məkanlarda, vilayətin sosial xidmət müəssisələrində, istirahət zonalarında və dini ibadət yerlərində də tütün və nikotin tərkibli məhsulların satışına məhdudiyyət tətbiq ediləcək.
Qanunverici məclisdən bildirilib ki, yeniliyin əsas məqsədi vilayət sakinlərinin, xüsusilə yeniyetmə və gənclərin sağlamlığını qorumaqdır. Qeyd olunub ki, elektron siqaretlərin cəlbedici dizaynı gənclərin diqqətini çəkir.
Mütəxəssislərin fikrincə, elektron siqaretlər güclü asılılıq yaradır, həmçinin tənəffüs, ürək-damar və onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.
“Çestnıy znak” markalanma sisteminin məlumatına görə, cari ilin ikinci rübündə Orenburq vilayətinin sakinləri elektron siqaret mayelərinin alınmasına 48,1 milyon rubl xərcləyiblər.
Asim




