İranın ali rəhbəri Müctəba Xamenei ölkədə əhalinin artımının sürətləndirilməsini strateji siyasət və dövlətin gücünün ən mühüm amillərindən biri adlandırıb.
Bakues.az xəbər verir ki, Xameneinin müraciətində ailə institutunun möhkəmləndirilməsinin və gənc əhalinin sayının artırılmasının vacibliyi vurğulanıb.
Müraciətdə bildirilib ki, İranın gələcəyinin daha güclü olması üçün kəmiyyət və keyfiyyət baxımından arzuolunan demoqrafik göstəricilərin təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
Müctəba Xamenei qeyd edib ki, əhalinin artımı elmi, mədəni, iqtisadi və sosial imkanların reallaşdırılmasına, yeni fürsətlərin yaradılmasına, eləcə də ölkəyə qarşı təhdidlərin və düşmənçilik fəaliyyətlərinin qarşısının alınmasına xidmət edir.
Xameneinin sözlərinə görə, arzuolunan əhali sayına nail olmaq hər iki amildən asılıdır. Buna görə də ölkədə ailə təməlinin möhkəmləndirilməsi ilə bağlı müxtəlif infrastruktur və şəraitin yaradılması demoqrafik göstəricilərin yaxşılaşdırılması istiqamətində daimi vəzifə olmalıdır. Eyni zamanda, fərdlərin ehtiyaclarına da diqqət yetirilməlidir.
O, gənc yaşda nikahın asanlaşdırılmasına, fərdi sağlamlığın qorunmasına, uşaq dünyaya gətirən ailələrin dəstəklənməsinə, ailəyönümlü mədəniyyətin təbliğinə və bu sahədə uğurlu nümunələrin cəmiyyətə təqdim olunmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Ali rəhbər bu məsələlərin bütün əhaliyə, xüsusilə də gənclərə düzgün izah edilməsini də əhalinin artımına töhfə verən amillərdən biri kimi qiymətləndirib.




