Qazaxıstanın milli atom şirkəti “Kazatomprom”un İdarə Heyətinin üzvü Kuanış Omarbekov “Samruk-Kazına” dövlət fondunun keçmiş rəhbərliyinin korrupsiya sxemində iştirakda şübhəli bilinərək saxlanılıb.

Bakues.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) mətbuat yayıb.

Məlumata görə, Omarbekov və digər şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər. Onların sayı və digər saxlanılan şəxslərin adları açıqlanmayıb. Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin rüşvət verməni nəzərdə tutan 367-ci maddəsinin 4-cü hissəsi üzrə məhkəməyədək araşdırma aparılır.

Qeyd edək ki, noyabrın 24-də “Kazatomprom”un Direktorlar Şurası Kuanış Omarbekov və kommersiya üzrə baş direktor Vladislav Bayqujinin İdarə Heyətindəki səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.

“Samruk-Kazına” 2008-ci ildə Qazaxıstanın strateji aktivlərini idarə etmək məqsədilə yaradılmış dövlət investisiya holdinqidir. Fond “Kazatomprom”, “KazMunayGas”, “Qazaxıstan Dəmir Yolları” və “Air Astana” kimi şirkətlərin səhmlərinə sahibdir.