Rusiya hərbi texnikasını Liviyaya daşıyan gəmilər karvanı rusiyalı korvetin hücum nəticəsində batırılmasından sonra Aralıq dənizində istiqamətini dəyişərək geri dönüb.

Bakues.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, noyabrın 22-də Ukraynaya məxsus dəniz dronları Liviyanın Benqazi limanında Rusiyaya məxsus “Merkuri” korvetinə hücum edərək onu batırıb. Agentlik qeyd edir ki, hadisə Ukraynada döyüşlərin getdiyi ərazidən təxminən 2 min kilometr uzaqlıqda baş verib.

Avropa hərbi strukturlarının gəmilərin hərəkətini izləyən nümayəndəsinin sözlərinə görə, Rusiya hərbi gəmilərinin müşayiət etdiyi daha bir karvan da hücumun baş verdiyi gün Siciliya boğazı yaxınlığında geri dönüb. Həmin karvana “Admiral Qolovko” freqatı müşayiət edib.

Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi və Yaxın Şərqdə təhlükəsizlik sahəsində fəaliyyət göstərən digər mənbə ikinci qrup gəmilərin də Liviyaya getməkdən imtina etdiyini təsdiqləyib. Hazırda həmin gəmilərin Əlcəzair sahilləri yaxınlığında olduğu bildirilir.

“Reuters” yazır ki, karvanların marşrutlarını dəyişməsi Rusiyanın hücumdan sonra hərbi dəniz qüvvələrinin təhlükəsizliyini təmin etməyə çalışdığını göstərir.

Rusiyanın Müdafiə Nazirliyi agentliyin məsələ ilə bağlı sorğusuna hələlik cavab verməyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən bazar ertəsi Rusiyaya məxsus hərbi gəminin Liviyanın Benqazi limanında hücuma məruz qaldığını açıqlamışdı.